Keçən bloqumuzda Copilot nədir? sualına cavab tapdıq, onun işləmə məntiqi və onu digər süni intellekt alətlərindən fərqləndirən əsas xüsusiyyətlər haqqında ətraflı məlumat aldıq.
Bu dəfə isə rəqəmsal transformasiyanın mərkəzində duran Copilot-un növləri, xüsusilə də iş dünyasını tamamilə dəyişdirən M365 Copilot (Microsoft 365 Copilot) və onların həyatımız, eləcə də biznes proseslərimiz üçün hangi real faydaları var, bunları öyrənəcəyik.

Copilot-un məqsədi, süni intellekt işimizi necə dəyişir?
Microsoft Copilot, ayrıca bir proqram olmaq yerinə birbaşa istifadə etdiyiniz Microsoft məhsullarının daxilində işləyən ağıllı bir köməkçidir. Süni intellektin gücü ilə gündəlik iş yükünüzü azaldır, məlumatları analiz edir və yaradıcı proseslərdə aktiv tərəfdaşınız olur. Müasir iş mühitində məhsuldarlığı artırmaq və daha doğru qərarlar vermək üçün mükəmməl bir rəqəmsal iş ortağıdır.
Bütün bunları nəzərə alaraq, Copilot-un biznesə qazandırdığı əsas məqsədləri üç mühüm istiqamət üzrə qruplaşdıra bilərik:
1. İş proseslərini sürətləndirmək və sadələşdirmək
Hər birimizin gündəlik işində yorucu, vaxt aparan və rutin xarakterli tapşırıqlar olur. Copilot bu təkrarlanan işləri avtomatlaşdıraraq istifadəçini ağır iş yükündən azad edir. Məsələn, Microsoft Excel-də gündəlik işdə ən çox rast gəlinən vəziyyətlərdən biri olan “aylıq göstəriciləri rəhbərliyə təqdim etmək” artıq saatlar deyil, saniyələr aparır.
Belə ki, Copilot böyük cədvəlləri saniyələr içində analiz edir, ən çox artan və azalan göstəriciləri çıxarır, hətta “bu ay niyə düşüş oldu?” kimi suallara əsaslanan izahlar təqdim edir. Bütün bunlar istifadəçiyə daha strateji düşünməyə, yaradıcı işlərə fokuslanmağa və real dəyər yaradan qərarlar verməyə imkan yaradır.
2. Data analitika ilə daha ağıllı qərarverməni dəstəkləmək
Copilot böyük məlumat yığınlarını (Big Data) saniyələr içində analiz edib insana aydın dildə nəticə qaytardığı üçün idarəetmədə həlledici rol oynayır. Gəlin bir menecer təsəvvür edək; o, satış komandasının bu ay niyə hədəfdən geri qaldığını araşdırır. Normalda bunun üçün menecer onlarla fərqli Excel faylını açmalı, rəqəmləri müqayisə etməli, bölgələr üzrə performansı araşdırmalı və hansı məhsulun niyə az satıldığını tapmalı idi.
Copilot-a isə sadəcə “bu ay satış niyə düşüb?” sualını vermək kifayətdir. Süni intellekt bütün məlumatları analiz edir və sizə bu cür dəqiq cavab qaytarır: “Qərb bölgəsində logistika və stok gecikməsi olub, buna görə ən çox satılan məhsulun satışları 18% azalıb”. Göründüyü kimi, o sadəcə quru rəqəmləri göstərmir, onların arxasındakı biznes mənasını izah edir.
Əgər siz də süni intellekt dövründə rəqəmlərin arxasındakı bu gizli mənaları kəşf etmək, böyük məlumat kütlələri ilə peşəkar işləmək və idarəedici qərarlar vermək istəyirsinizsə, Handex-in Data Analitika Kursu -na qoşulmaqla təhsil ala bilərsiniz.
3. Süni İntellekti hər kəs üçün əlçatan etmək
Copilot-un ən böyük missiyalarından biri süni intellekti hər kəs üçün əlçatan etməkdir. Müasir texnologiya trendləri göstərir ki, AI yalnız proqramçılar və ya data mütəxəssislərinin istifadə etdiyi mürəkkəb bir struktur olaraq qalmamalıdır.
Ofisdə çalışan sıravi bir əməkdaş Word-də sadəcə “müştəriyə təqdimat üçün giriş mətni yaz” sorğusunu daxil edir və Copilot ona uyğun peşəkar məzmun formalaşdırır. Texniki biliyindən asılı olmayaraq hər kəs bu ekosistemdən real fayda görə bilir.
Microsoft Copilot-un növləri hansılardır?
Microsoft, rəqəmsal ehtiyacların müxtəlifliyinə və fokuslanılan sahələrə görə bu texnologiyanı fərqli növlərə ayırır:
- Microsoft 365 Copilot (Gündəlik ofis tətbiqləri üçün)
- Copilot in Dynamics 365 (CRM və ERP sistemləri üçün)
- Copilot in Power Platform (Kod yazmadan tətbiq və avtomatlaşdırma quranlar üçün)
- Microsoft Copilot Studio (Şirkətlərin özünəözəl chatbot qurması üçün)
- Microsoft Security Copilot (Kiber-təhlükəsizlik komandaları üçün)
- Copilot in Microsoft Fabric (Böyük data mühəndisliyi üçün)
- Copilot in Azure (Bulud infrastrukturu idarəetməsi üçün)
- GitHub Copilot (Developerlər üçün süni intellektlə kod yazmaq köməkçisi)
Mərkəzdəki Güc: Microsoft 365 Copilot
Microsoft-un ən çox resurs ayırdığı və inkişaf etdirdiyi modul məhz Microsoft 365 Copilot-dur. Səbəb isə sadədir: ən geniş istifadəçi kütləsi bu mühitdə toplanır və şirkətin “AI-powered workplace” (Süni intellekt əsaslı iş mühiti) vizyonunun tam mərkəzində məhz bu dayanır.
Gündəlik iş həyatımızın böyük hissəsi Word-də mətn yazmaq, Excel-də hesabat hazırlamaq, Outlook-da e-poçtları cavablamaq və Teams-də iclaslara qatılmaqla keçir. Microsoft 365 Copilot isə bu rutin prosesləri optimallaşdıraraq sizə itirilmiş vaxtınızı geri qazandırır.

Microsoft 365 Copilot Arxitekturası necə işləyir?
Aşağıdakı texniki arxitektura diaqramında Microsoft 365 Copilot-un sorğuları necə emal etdiyi və arxa fonda baş verən proseslərin addım-addım axını əks olunub:

Bu mürəkkəb görünən prosesi sadə bir hekayə ilə izah edək. Təsəvvür edin ki, Word-dəsiniz və Copilot-a belə bir tapşırıq verirsiniz: “Mənim üçün bu sənədin qısa xülasəsini çıxar”. Proses 3 əsas qüvvə arasında saniyələr içində baş verir:
- Sənin Microsoft 365 Mühitin (Tenant): Sol tərəfdə sənin Outlook e-poçtların, OneDrive faylların, SharePoint sənədlərin və Teams chatların yerləşir. Bura sənin rəqəmsal yaddaşındır.
- Ağıllı Administrator - Microsoft Graph: Sən sorğu göndərən kimi Microsoft Graph səhnəyə çıxır. O, böyük bir ofisin hər bir otağını əzbər bilən idarəçi kimidir. Graph dərhal yoxlayır: Sənin hansı sənədlərə baxmağa icazən var? Hansı e-poçt bu layihə ilə əlaqəlidir? O, məlumatları toplayır, təhlükəsizlik süzgəcindən keçirir və yalnız sənə aid olan məlumat qapılarını açır.
- Böyük Beyin - Azure OpenAI (LLM): Microsoft Graph tərəfindən toplanan kontekstli məlumatlar Copilot vasitəsilə sağ tərəfdə dayanan Azure OpenAI büyük dil modelinə (LLM) ötürülür. Model məlumatı oxuyur, xülasəni hazırlayır, Copilot isə onu korporativ üsluba salıb saniyələr içində sənə təqdim edir.
Microsoft 365 Service Boundary nədir?
Şəbəkə təhlükəsizliyinə gəldikdə, arxitekturanın ən kritik hissəsi "Microsoft 365 service boundary" (Xidmət Sərhədi) adlanan qoruyucu divardır. Bunu böyük bir rəqəmsal qala divarı kimi təsəvvür edə bilərsiniz.
Sizin bütün məlumatlarınız, e-poçtlarınız, sənədləriniz və hətta süni intellekt modelinin apardığı analizlər bu qala divarının daxilində emal olunur. Məlumatlarınız heç bir halda xarici internet mühitinə, üçüncü tərəf tətbiqlərinə və ya OpenAI-ın ümumi serverlərinə sızmır. Copilot sizin şirkət daxili məlumatlarınızdan öyrənir, lakin bu məlumatları qlobal modeli inkişaf etdirmək üçün sistemdən kənara çıxarmır. Qısası, korporativ gizliliyiniz 100% təmin olunur.
Bloqun çox uzanmaması üçün Copilot-un digər spesifik növləri (Security, Fabric, Power Platform və s.) haqqında detallı texniki təhlilləri növbəti bloglarda danışacayıq. Gələcək iş həyatımızı idarə edəcək bu AI ekosistemini indidən öyrənmək, sizi əmək bazarında rəqiblərinizdən bir addım öndə tutacaq.
