9 aprel 2024-cü il tarixdə Data Analitika ixtisası üzrə “Technest” təqaüdü qazanmış iştirakçılar arasında Handex Tədris Mərkəzi tərəfindən “Hansı qütb daha yaxşıdır?” adlı yarış keçirilmişdir. Handex-də təlimləri davam edən 30 nəfər iştirakçı arasında keçirilən bu yarışda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal təhsil layihələri şöbəsinin monitorinq qrup rəhbəri İbrahim Qədirov və mütəxəssisi Mirramil Qasımlı iştirak etmişdir.
Tədbiri Handex Tədris Mərkəzinin rəhbəri Rəşad Qurbanov açaraq Data analitika ixtisası üzrə “Technest” təqaüd proqramını qazanmış iştirakçıların inkişafı üçün görülən işlərdən və onların uğurlarından bəhs etdi. Belə ki, təlimin hələ davam etməsinə baxmayaraq artıq 2 iştirakçı (Samir Qənbərli və Səbinə Orucova) İKT sahəsində işlə təmin edilmiş, 1 nəfər iştirakçı isə (Hüseyn Nağıyev) təcrübə proqramına başlamışdır. Daha sonra çıxış üçün söz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi İbrahim bəyə verildi. İbrahim bəy çıxışında “Technest” təqaüd proqramı, onun məqsədi və ölkəmizdəki perspektivləri haqqında ətraflı məlumat verərək uğur qazanmış iştirakçıları təbrik etdi və yarışda uğurlar arzuladı.
Yarışda 30 nəfər iştirakçı Şimal, Cənub, Şərb və Qərq komandaları şəklində mübarizəyə başladı. İki mərhələdən ibarət olan yarışın birinci mərhələsində iştirakçılar sahələrinə (Data Analitika) uyğun test tipli suallar həll etdilər, ikinci mərhələdə isə texniki biliklərini yoxlayan tapşırıqlar işlədilər. Komandaların işlərini çətinləşdirən məqam isə yarışın qaydaları idi. Belə ki, hər mərhələ üçün ayrılmış vaxtda iştirakçılar eyni anda monitoru görə bilmir, onlar yalnız qıraqdan monitor arxasında əyləşmiş komanda yoldaşına şifahi kömək edə bilirdilər. Hər 3 dəqiqədən bir isə monitor arxasında əyləşmiş iştirakçı dəyişirdi. Güvən, inam, komanda ruhu, mübarizə, sürət, səriştə və bilik tələb edən bu yarışın əsas məqsədi iştirakçılar arasında komanda ilə işləmə bacarığını artırmaq idi.
Qızğın mübarizə altında davam edən “Hansı qütb daha yaxşıdır?” adlı yarışda Şimal komandası qalib gəldi. Komanda iştirakçılarının adlarını qeyd edirik:
Rəna İsgəndərova (kapitan), Azadə Ramazanlı, Nərminə Rəsulova, Xəlfə Mirzəliyev, Ruslan Şahməmmədov, Rəşid Əliyev, Səbinə Rzaquliyeva
Sonda qaliblərə sertifikat və qiymətli hədiyyələr təqdim edilərək xatirə şəkilləri çəkildi.
Yarışa tam formada buradan baxa bilərsiniz.