
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “IT” klubu və Handex təlim mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Yeni dövrün tələbi: Data Analitika” mövzusunda maarifləndirici seminar təşkil olundu.
Seminarın əsas məqsədi iştirakçı gəncləri müasir dünyanın ən dinamik və tələb olunan sahələrindən biri olan data analitika ilə tanış etmək, bu sahənin idarəetmə, iqtisadiyyat və biznes mühitinə gətirdiyi əlavə dəyəri aydın şəkildə izah etmək idi.
Tədbir çərçivəsində:
- Data analitikanın real həyatdakı tətbiqləri,
- Müasir texnoloji transformasiyada oynadığı rol,
- Gənclər üçün bu sahədə mövcud inkişaf imkanları interaktiv formada izah edildi.
Seminar zamanı iştirakçılar aktiv sual-cavab sessiyalarına qoşularaq, praktiki nümunələr üzərində müzakirələr apardılar və sahəyə dair faydalı tövsiyələr əldə etdilər.
Tədbirin sonunda Handex təlim mərkəzi tərəfindən aktiv iştirakçılara “Excel cibinizdə” kitabı və təlim paketlərinə endirimlər təqdim olundu.
Təlim mərkəzi olaraq biz gənclərin bilik və bacarıqlarının inkişafına xidmət edən təşəbbüslərdə fəal iştirak etməyə davam edirik. Qarşıdakı dövrlərdə də gənclərlə birgə öyrədici, motivasiyaedici və peşəkar inkişaf yönümlü platformalar yaratmağı hədəfləyirik.